Azərbaycan Milli Xalça Muzeyi 1967-ci ildə yaradılıb və dünyada xalça sənəti üzrə ixtisaslaşmış ilk muzeydir. Bu mədəniyyət ocağı 2014-cü ildən Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi olan yeni binada fəaliyyət göstərir. Ən müasir tələblərə cavab verən, açılan xalça formalı unikal bina Dənizkənarı Milli Parkın ərazisində tikilib. Qeyri-adi quruluşu ilə şəhərimizin sakinləri və qonaqlarını valeh edən tikilinin müəllifi avstriyalı memar Frans Yansdır.
Muzeyin “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kolleksiyalarında on mindən artıq eksponat mühafizə olunur. Kolleksiyalarda tunc dövründən müasir dövrə qədər yaradılan, əksəriyyəti XVII – XX əsrlərə aid əsərlər qorunub saxlanılır.
Ölkəmizdə muzey sahəsində etdiyi yeniliklərə görə daim ön sıralarda dayanan, mədəniyyət və təhsil müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Milli Xalça Muzeyində kolleksiyaların tədqiqatı aparılır, onlara dair kitab və kataloqlar nəşr edilir. Burada unudulmuş xalçatoxuma texnikalarının yenidən dirçəldilməsinə və tədrisinə həsr olunmuş layihələr həyata keçirilir.
Muzeyin əsas layihələrindən biri xüsusi qayğıya ehtiyacı olan insanlarla iş və onlar üçün inklüziv məkanın yaradılmasıdır. Bu məqsədlə muzeydə Azərbaycan, ingilis, rus dillərində audioyazı, Brayl əlifbası ilə hazırlanan yazılı materiallar, habelə görmə məhdudiyyətli insanların xalça növlərinin müxtəlifliyini taktil (toxunma) üsulla duya bilmələri üçün xüsusi toxunmuş kiçik ölçülü xovlu və xovsuz xalça nümunələri təqdim olunur.
Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində müxtəlif yaş qruplarına aid uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların milli-mədəni irsimizə maraqlarının artırılması məqsədilə “Uşaq muzeyi” şöbəsi yaradılıb. Şöbədə çoxsaylı ustad dərsləri keçirilir, uzunmüddətli dərnəklər fəaliyyət göstərir. Burada uşaq və yeniyetmələrə xalçaların müxtəlif toxunma texnikaları, maraqlı oyunlar vasitəsilə xalça kompozisiyalarının quruluşu, naxışların semantikası öyrədilir. Muzeydə kukla və kölgə teatr tamaşaları hazırlanır və göstərilir. Şöbənin proqramları muzeyin kolleksiyalarının öyrənilməsinə və praktik olaraq mənimsənilməsinə əsaslanır.
Bu mədəniyyət ocağı ölkəmizin yeganə muzeyidir ki, 2016-cı ildən etibarən məşhur səyahət platforması sayılan “Tripadvisor”-in səyahətçilərin müsbət rəyləri əsasında verilən sertifikatına layiq görülüb. Azərbaycan Milli Xalça Muzeyi ölkəmizin ən çox ziyarət olunan muzeyidir.
Bu gün bütün yaş qruplarından olan yerli əhalini cəlb etmək, muzeyi onların şəxsi təcrübələrini, müsbət emosiyalarını və tövsiyələrini paylaşacaqları, öz potensiallarını inkişaf etdirəcəkləri maraqlı, rahat məkana çevirmək ən önəmli məqsəddir. Bunun üçün muzeydə mütəmadi olaraq Azərbaycanın, eləcə də dünyanın maddi mədəniyyət tarixinin hərtərəfli öyrənilməsinə töhfə verən sərgilər təşkil edilir, maarifləndirici və əyləncəli proqramlar hazırlanır.