Əziz uşaqlar, Azərbaycan Milli Xalça Muzeyi sizi ustad dərslərinə dəvət edir!
Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində uşaqların asudə vaxtlarını səmərəli keçirməsi və milli-mədəni irsimizə marağının artırılması məqsədilə Uşaq muzeyi şöbəsi fəaliyyətə başlayıb.
Bu unikal mərkəzdə fərqli yaş qruplarından olan uşaqlar üçün müxtəlif mövzularda ustad dərsləri təşkil olunur. Balacalar həsir, palaz, kilim, şəddə, zili və sumax kimi xovsuz xalçaların toxunma texnikalarını öyrənir, eyni zamanda interaktiv oyunlar vasitəsilə xalça kompozisiyalarının quruluşu və naxışların semantikası ilə tanış olurlar.
Təhsil proqramları yalnız xalçalarla məhdudlaşmır. Muzeyin digər kolleksiyaları – bədii tikmə nümunələri, milli geyimlər, keramika üzrə uşaqlara həm nəzəri, həm də praktiki biliklər verilir.
Bu maraqlı və maarifləndirici dünyaya səyahət etmək istəyən balaca dostlarımızı Azərbaycan Milli Xalça Muzeyinə dəvət edirik!