Bülbülün ev-muzeyi (Şuşa Filialı)

Tədbir haqqında

Qeyd: Bu əraziyə daxil olmaq üçün "yolumuzgarabaga.az" saytında qeydiyyatdan keçməlisiniz!

Dünya şöhrətli müğənni, Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti, professor Bülbülün uşaq ikən Şuşada yaşadığı ev 1992-ci ilə qədər onun ev-muzeyi fəaliyyət göstərib. Ev iki otaq və eyvandan ibarət idi. Evin divarında aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Xanəndə Bülbül bu evdə 1897-ci ildə iyun ayının 22-də  anadan olub, uşaqlıq illəri burada keçib. O, burada ilk dəfə musiqi aləminə qədəm qoyub, məşhur xanəndə və musiqiçilərə tamaşa edib və qulaq asıb.

1982-ci ildə  Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.  Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 400-dək eksponat toplanmışdı. Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər saxlanılırdı, şəxsi əşyaları, xanəndə kostyumu, frakı, qavalı, royalı, sənədlərinin əsli nümayiş etdirilirdi.

Təəssüflər olsun ki, işğal zamanı bütün eksponatlar qarət edilmişdir.

Şuşa azad edildikdən sonra ev muzeyi və evin həyəti ilkin görkəmi saxlanılmaqla bərpa olunub. 29 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bülbülün Şuşadakı ev-muzeyinin yenidən açılışı olub.

Muzeyin fasadında vurulan memorial lövhələrin arasında heykəltaraş Xanlar Əhmədov tərəfindən Bülbülün bürüncdən hazırlanmış uşaqlıq illərinin portreti yer alır.

Muzeyin həyətində erməni vandalizminin nümunəsi olan Bülbülün dağıdılmış büstü (Kərim Rzayev) və yeni hazırlanmış büstü (Aslan və Mahmud Rüstəmovlar) nümayiş etdirilir.      

Bərpa zamanı evin divarında üzərində Günəş simvolu, Bəd-nəzər duası və evin Kərbəlayi Yusif tərəfindən 1787-88-ci illərdə tikildiyini əks etdirən daşlar aşkarlanmışdır.

Hazırda muzeydə XIX sərin sonu XX əsrin əvvəllərinə aid əşyalar, Bülbülün qavalı, Türkiyədə arı mumundan Sənan Fətullayevin hazırladığı Bülbülün 13-14 yaşlarını əks etdirən maniken, uşaqlıq və gənclik şəkilləri, Gəncədə Bülbülə verilmiş pasportun surəti, İtaliya dövrünü əks etdirən sənəd və fotoşəkillərin surəti, diplom və afişaların surəti, Bülbülə verilmiş orden və medalların mulyajı, Ümummilli Lider Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə həsr olunmuş guşələr nümayiş etdirilir.

Muzeyin ekspozisiyası Bakıda fəaliyyət göstərən Bülbülün Memorial Muzeyinin arxivi əsasında qurulub.

Bülbülün irsi haqqında daha geniş məlumatlar vermək üçün muzeyin daxilində touch screen monitorunda Bübülün həyatı, yaradıcılığı, uşaqlığından ömrünün sonuna qədər lent yazıları, haqqında deyilmiş sözlər və digər materiallar Azərbaycan, rus, ingilis, ərəb, çin dillərində öz əksini tapır. Muzeydə ziyarətçilərin ürək sözlərini bölüşməsi üçün xatirə kitabı da yer alır. 

Bülbülün ev-muzeyinin ekspozisiyası 10.00-dan 17.00-a qədər açıqdır.

İstirahət günü bazar ertəsidir.

ÖDƏNİŞSİZ DAXİL OLAN ZİYARƏTÇİLƏRİN SİYAHISI

(müvafiq sənəd təqdim edilməklə)

  • Azərbaycanın Milli Qəhrəmanları
  • Şəhid ailələri
  • Müharibə iştirakçıları
  • Muzey işçiləri
  • Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri

BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Bülbülün ev-muzeyi (Şuşa Filialı) Bülbülün ev-muzeyi (Şuşa Filialı)

Məkan yeri
Azərbaycan, Şuşa şəhəri, BülBül küçəsi