Şəki şəhərində yerləşən, ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan bu yaşayış binası 1765-ci ildə Şəki xanı Məhəmməd Hüseyn xan tərəfindən tikilib. Tikintisində çay daşından və çiy kərpicdən istifadə olunsa da, sonralar çiy kərpicin bir hissəsi bişmiş kərpiclə əvəz olunub. Bu bina xalq yaşayış evindən saray tipli evlərə keçid formasındadır. Düzbucaqlı formada olan bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayır, lakin əsasən interyerdəki zəngin dekorativ elementlər ilə bu yaşayış evi saray tipli tikintilərə bənzəyir. Şəkixanovlar evindəki pəncərələr şəbəkə üsulu ilə düzəldilib və şüşələrin rəngi ilin dörd fəslinə uyğun olaraq seçilib. Binanın tikintisində heç bir mismardan və digər dəmir alətlərdən istifadə olunmayıb. Qapıların alçaq olması xidmətçilərin daxil olarkən təzim etmələri üçün nəzərdə tutulub. Şəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkənlər yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada buxarılar yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub. İkinci mərtəbənin salonunun interyerində dekorativ buxarı əsas yeri təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmişdir və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycan şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının divar rəsmləri ilə bəzənib və üstü sadə bəzəkli stalaktitlə örtülüb.