İsmayıllı rayonu Basqal qəsəbəsinin ərazisi zəngin tarixi və mədəni irsə sahibdir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. 1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektardır.
Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqal həm də 300 ildən artıq yaşı olan çinar ağacı ilə məşhurdur. 1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir. Yeni aşkarlanan kitabəyə görə həmin kompleks sufi xanəgahı olub.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu bu ərazidə mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir.
Basqalın Qalalar antik və ilk orta əsrlər yaşayış yeri arxeoloji baxımdan öyrənilməyib. Lakin oradan təsadüfən aşkar olunan maddi-mədəniyyət nümunələri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda nümayiş olunur.
BASQALIN TARİXİ
Tarixçilərin fikrincə, Basqalın ərazisi qədim Alban dövlətinə mənsub olub. 3 min ilə yaxın yaşı olan qəsəbənin adı “qala qur”, ”qala ucalt”, ”baş qala” mənasını ifadə edir. Bu ulu ad qədim türkdilli Basil tayfa birləşməsini yada salır. Basillər hələ 2500 il əvvəl Cənubi Azərbaycanda çox geniş ərazidə yayılmışdılar. Qədim yunan tarixçisi Herodot “Tarix” kitabında onları “buslar” adlandırmışdı. Təbrizlilərlə basqallıların danışıq ləhcələrinin bir-birinə çox oxşarlığı var.
Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir.
Basqalın mərkəzində orta əsr şəhərlərinin xüsusiyyətini əks etdirən və XIII əsrlərdən bu günədək fəaliyyətdə olan kürəbənd (kanalizasiya) şəbəkəsi, bazar, hamam və başqa mədəni iqtisadi və dini tikililər yerli əhalinin mədəni irsinin timsalıdır.
Arxeoloji tədqiqatlar Basqalın cənub şərqində Qalalar adlanan sahədə eramızın I-II əsrlərinə aid insan məskənlərinin olduğunu sübut edib. Qəsəbənin şimal qurtaracağında ucalan Niyal dağında XI-XII əsrlərin qalaları Şirvanşahların mühüm müdafiə məntəqəsi olub. Dövlət Turizm Agentliyinin sifarişi ilə 07-31 oktyabr 2019-cu il tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 121 ədəd maddi mədəniyyət nümunəsi aşkarlanıb.
BASQAL HAMAMI
XVII əsrə aid memarlıq abidəsi olan Basqal hamamı klassik Şәrq memarlıq üslubunda inşa edilib.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Basqal hamamı yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv.4466) dövlət mühafizəsinə götürülüb.
Dövlət Turizm Agentliyinin sifarişi ilə 2021-ci ildə tarixi materiallar və arxiv sənədləri əsasında bərpa olunmuş bu abidədə Azərbaycan ərazisində orta əsrlərdə mövcud olmuş hamamların işləmə prinsipi nümayiş etdirilir.