Şəki Xan Sarayı – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir.
Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi ilə birgə “Xan Sarayı” YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
XVIII əsrdə inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində qala divarları ilə əhatə olunmuş tarixi ərazidə yerləşir.
Hazırda turizm nümayiş obyekti olaraq fəaliyyət göstərən saray 1762 - ci ildə Hacı Çələbi xanın nəvəsi olan Məhəmməd Hüseyn xanın istəyi ilə tikilib, binanın tikintisində yapışqandan, mismardan və sementdən istifadə edilməmişdir. Sarayı üzük qaşı kimi dörd bir tərəfdən möhtəşəm barılar əhatə edir. Barılar adi hasar kimi tikilməyib, onlar - yazılıbdır.
İki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.
Tavandakı kitabənin içərisində güzgü ilə oxunan kicik bir şeir parçası var. Orada qeyd edilib ki: “mən bunu yazdım yadigar, mən qalmaram - bu qalacaq yadigar”.