Aida

Aida

Tədbir haqqında

OPERANIN QISA MƏZMUNU — “AIDA”

I Pərdə

Misirin Memfis şəhərində, fironun sarayında baş kahin Ramfis saray mühafizə başçısı Radamesə narahatedici bir xəbər verir: Efiopiya şahı ölkəsinin sərhədlərini pozaraq yenidən Misirə hücum edib. Düşməni dayandırmaq üçün təcili hərbi yürüş lazımdır. Ramfis allahlardan bu yürüşə kimin rəhbərlik etməli olduğunu öyrənmək üçün İzida məbədinə yollanır.

Şöhrət arzusu ilə yaşayan Radames dua edir: əgər yürüşə rəhbərlik etmək şərəfi ona nəsib olsa, o, doğma torpağını düşməndən qoruyacaq. Qısa zaman sonra firon allahların istəyini elan edir: Misir ordusuna Radames başçılıq edəcək. Radames bu uğurun mükafatı olaraq fironun qızı Amnerisdən kölə həyatı yaşayan sevdiyi Aidanı azad etməyi xahiş etməyə qərar verir.

Amneris isə Radamesə gizlicə vurğundur. Qələbə xəbəri, Radamesin dönüşü və onunla görüş ümidləri Amnerisi sevindirir. Lakin Aidanı gördükdə qısqanclıq və tərəddüd hissləri baş qaldırır. Onun sevgisini sınamaq üçün Amneris Radamesin döyüşdə həlak olduğunu deyir. Aida öz kədərini gizlədə bilmir. Qəzəblənən Amneris onun bu halını görüb intiqamla hədələyir. Bu an qələbə marşları eşidilir — xalq qalibini qarşılayır. Aida isə allaha ölüm diləyir, çünki sevgisindən imtina etməyə gücü çatmır.


II Pərdə

Fivə meydanında qalib Misir ordusu təntənə ilə qarşılanır. Əsir düşmüş Efiopiya əsgərləri arasında Aidanın atası, Efiopiya şahı Amonasro da var. Aida atasını tanıyaraq üstünə qaçır, lakin Amonasro onun şah olduğunu gizli saxlamasını tələb edir. O, özünü sərkərdə kimi təqdim edir və şahın döyüşdə həlak olduğunu bildirir. Əsir efioplar aman diləyirlər, xalq da onlara qoşulur. Ramfisin məsləhətilə firon Aida və Amonasronu girov saxlamağa qərar verir, qızını isə Radamesə ərə verir.


III Pərdə

Nil sahilindəki İzida məbədində Amneris Radameslə evlənməyə hazırlaşır. Bu arada Aida Radameslə son dəfə görüşmək üçün onu gözləyir. O, ayrılığa dözə bilməyəcəyini anlayaraq özünü Nilə atmağı qərara alır. Vətənini xatırlayır, göz yaşları içində vida edir. Birdən Amonasro peyda olur. O, qızının Radamesə olan sevgisindən və Amnerislə olan rəqabətindən xəbər tutub. Ata qızından tələb edir ki, Radamesdən Misir qoşunlarının hansı yolla hərəkət edəcəyini öyrənsin. Aida imtina edir, lakin atası onu vətənini satmış kölə adlandıraraq lənətləyir. Daxili mübarizədən əzab çəkən Aida nəhayət, məhəbbətini vətəninə qurban verməyə razı olur. Radames yaxınlaşdıqda Amonasro gizlənir.

Radames qələbəsindən əmindir, lakin Aida onu qaçmağa razı salmaq istəyir. Yeganə çıxış yolunun Efiopiyaya qaçmaq olduğunu deyir. Radames tərəddüd içindədir — vətəninə xəyanət etmək istəmir. Lakin Aidanın israrı ilə o, sirri açır və ordunun hərəkət istiqamətini söyləyir. Bu zaman Amonasro ortaya çıxır və artıq efiopların qələbəsinin qaçılmaz olduğunu bildirir. Radames dərk edir ki, bilmədən vətənə xəyanət edib. O, özünü kahin Ramfisə təslim edir. Aida və atası qaçırlar.


IV Pərdə

İzida məbədinin altındakı məhkəmədə Radames mühakimə olunur. Amneris ondan Aidadan əl çəkməsini xahiş edir və öz sevgisini, Misir taxtını təklif edir. Lakin Radames Aidaya olan sevgisindən dönmür. O, xəyanəti də məhz onun üçün etdiyini deyir. Amneris gah onu qorxudaraq qisas almaqla hədələyir, gah da allahlardan onun bağışlanmasını istəyir. Ramfis hökm oxuyur — Radames diri-diri məbədin altına basdırılmalıdır. Amneris kahinlərin amansızlığını lənətləyir.

Məzar içində Radames ölümünü gözləyir. Qəfildən Aidanın səsi eşidilir — o, gizlincə məhbəsə daxil olmuş və sevgilisi ilə birgə ölməyə qərar vermişdir. Artıq heç kəs onları ayıra bilməz. Yuxarıda məbədin mərtəbəsində kahinlərin duaları səslənir. Amneris isə Radamesin məzarı üzərində diz çökərək allaha dua edir və qəlb rahatlığı arzulayır.

Dirijor: Mikelanjelo Mazza (İtaliya)
Quruluşçu rejissor: Mixail Kvaliaşvili (Gürcüstan)
Rejissor: Hafiz Quliyev, Əməkdar incəsənət xadimi
Quruluşçu rəssam: Əyyub Fətəliyev, Əməkdar incəsənət xadimi
Rəqslərin quruluşu: Qəmər Almaszadə, SSRİ Xalq artisti
Xormeyster: Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi

İfaçılar:
Aida – Afaq Abbasova, Əməkdar artist
Radames – Yusif Eyvazov, Xalq artisti
Amneris – Fidan Hacıyeva, Xalq artisti
Amonasro – Əvəz Abdulla, Xalq artisti
Firon (Misir şahı) – İqor Yadrov
Ramfis – Əkrəm Poladov, Xalq artisti
Kahin qadın – Gülnaz İsmayılova, Xalq artisti
Carçı – Əliəhməd İbrahimov, Əməkdar artist

 

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Aida Aida

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan