Toyğun Orbay “21:15 Qatarı”
Toyğun Orbayın “21:15 Qatarı” pyesi əsasında hazırlanmış tamaşa bir platformalı dəmiryol vağzalında baş verir. Pəncərəsi səhnəyə açılan bir kassa. Vağzal boyu lampaları solğun, sarımtıl işıq saçan elektrik dirəkləri düzülüb. Burada saat 21:15-i göstərir. Tamaşa iki nəfərin dəmiryolu vağzalındakı söhbəti üzərində qurulub. Sərnişinlər 21:15 Qatarını gözləyirlər. Bu vağzaldan yalnız 21:15 Qatarı ilə getmək mümkündür. Vağzalda qatar gözləyən Kişi növbəti sərnişin Qadına bu qatarın adi qatar olmadığını anlatmağa çalışır. Bu sərnişinlər, əslində, həyatda öz missiyalarını bitirmiş, o dünyaya getmək üçün öz növbəsini gözləyən insanlardır. Bu iki nəfərin timsalında insanlığın tənhalıq, məhəbbət, ehtiras, zalımlıq, tamahkarlıq və bu kimi bütün hissləri özünü göstərir. Əsərdə kitabdan, musiqidən və bu kimi mənəvi zənginliklərdən uzaq olan Vağzal məmuru ruhən mövcud deyil, sadəcə, cismən var. O, ilk dialoqlarından bütün “sərnişinlər”ə bu qatarın real qatar olmadığını, onun hansı missiya daşıdığını dolayı yollarla başa salmağa cəhd edir. “Bu qatar heç vaxt dayanmır... Bu qatara bilet lazım olmur...” Görəsən, sərnişinlər onu başa düşəcəklərmi..?