“Leyli və Məcnun” “Don Kixot”

Tədbir haqqında

"Leyli və Məcnun" (1 pərdəli balet)

Yaş həddi: 6+

Kompozitor: Qara Qarayev

Tipi: Klassik

 

Baletin qısa məzmunu 

     Şairin təsəvvüründə bir-birinə aşiq olan Leyli və Məcnunun surətləri canlanır. Şair onların çox gözəl və bir gədər kədərli taleləri, məhəbbət tarixçələrini gözləri qarşısında canlandırır.

     Qədim Şərq miniatürlərində təsvir olunan mədrəsə. Gənc oğlan və qızlar şənlik edirlər. Ətrafdakıları yaddan çıxarmış kimi gözəl Leyli və Qeys bir-birinə sevgilərini izah edirlər. Onlar bir-birlərindən ayrı yaşaya bilmirlər.

     Leylinin atası öz qızını varlı tacir İbn-Səlama ərə verməyi qərara alır, lakin Leylinin Qeys-Məcnuna olan məhəbbətindən xəbər tutaraq çox qəzəblənir.

     O Leylini Qeys-Məcnuna nişanlamaq istəyən Qeysin atasına qəti etirazını bildirir. Rədd cavabı alan Qeys-Məcnun ümidsizliyə qapılır. Dərdi başından aşdığından səhrada tənhalığa çəkilir.

     Leylinin atası qonaqları Leyli ilə İbn-Səlamın toyuna dəvət edir. Leyli və Məcnunun dostları bilirlər ki, toy duvağı altında da Leyli sevmədiyi adaxlısından uzaqdır. Leyli ancaq Qeys haqqında düşünür və onu arzulayır. Davam edən yürüşün səs-küyü içərisində İbn-Səlam başa düşür ki, onun Leyliyə olan sevgisi cavabsızdır. Sevdiyi qızın ürəyinə yol tapa bilmədiyindən o qüvvəsini itirir.

     Tərki-dünya Məcnun səhrada uğursuz sevgisi haqqında qəzəllər qoşur. Şairanə təxəyyülü onun gözləri qarşısında sevimli Leylinin surətini canlandırır. Onun şerlərində sevgililər daim birlikdədirlər.

     Sevgilisi Qeysdən ayrılan Leyli qəm-qüssə içərisindədir. Faciəli Tale Leylini təqib edir.

     Qeys Leyliyə yas tutur və öz sevgilisi ilə birləşmiş kimi Əbədi həyatda ona qovuşur.

     Leyli və Məcnunun saf məhəbbətini tərənnüm edən Şair öz hekayəsini başa çatdırır.

 

"Don Kixot" (1 pərdəli balet)

Yaş həddi: 6+

Kompozitor: Qara Qarayev (simfonik qravyurlər)

Tipi: Klassik

Tamaşanın müddəti: 28 dəqiqə

 

Tamaşanın dirijoru: Orxan Həşimov

Quruluşçu baletmeyster: Georgi Kovtun (Russiya)

Baletin qısa məzmunu 

     "Dulsineyanın mövcudluğunun olub-olmaması, həqiqət yoxsa uydurulmuş olması bir Allaha məlumdur... Mən öz xanımımı uydurmamışam və onu öz xəyallarımda deyil, lakin onu hamının qarşısında səcdə etməyə layiq olan ideal bir sinyora kimi təsəvvür edirəm”

                                                                                     M.Servantes “Don Kixot”

     Nəcib cəngavər Don Kixot sadiq dostu Sanço ilə onu narahat edən məsələlər barədə fikirləri ilə bölüşür: azğın və məkrli məxluqlar onu cana gətirməyə, bezdirməyə çalışırlar. O danışır ki, ürəyini məftun edən gözəl qadın Dulsineya Tobosskaya qəddar düşmənin - sehrbaz Montesinosun əlindədir, o bu xəyanətlə barışa bilməyərək onu azad etməyə and içir. Lakin qəddar Montesinos sakit dayanmır, Don Kixota mane olmaq üçün cəsur cəngavərin qarşısına müxtəlif maneələrlə çıxmağa çalışır, onunla toqquşmalarda isə Don Kixot məğlubiyyətə uğrayır.

     Elə indi də müharibədə yaralanmış Cəngavərin xəyalında ürəyini məftun edən qadının surəti canlanır. Dulsineyanın çağırışına cavab verərək qüvvələrini toplayır və onun axtarışına yollanır...

     Şəhər. Bayram karnavalı. Şəhər əhalisi şənlik edir. Don Kixot görünür - öz  sevgilisini axtarır. Qəddar Montesinos da buradadır. O karnaval iştirakçılarını inandırmağa çalışır ki, Don Kixot ağılsızdır, xalq isə Montesinosa inanaraq cəngavəri istehza ilə qarşılayır. Qəfildən adamların arasında Dulsineya görünür. Don Kixot adamların diqqətini ona tərəf yönəltməyə çalışır - baxın o mövcuddur, yaşayır - demək istəyir, lakin adamlar onun ürəyini məftun edən qadını görmürlər. İşə qarışan Montesinos isə cəngavərlə yenidən pis zarafat edir - o Dulsineyanı kuklaya çevirir.

     Adamlar və Montesinos Don Kixotla əylənirlər, o isə öz gözəl mələyinin varlığına inanaraq qışqırır: “O canlıdır, baxın bu Dulsineyadır!”, - lakin onu heç kim eşitmir.

     Bayram sona çatır. Adamlar dağılışırlar. Don Kixotun qarşısında yenidən sevgilisinin surəti canlanır - o cəngavəri mübarizəyə çağırır.

     Don Kixotun vəfalı dostu Sanço silah daşıyan təyin edilir. İndi yeni mübarizələrə hazırlaşan dostları Montesinos artıq qorxutmur. Lakin qəddar sehrbaz öz dəstəsini onların üzərinə göndərir. Yenidən Don Kixot qalibdir, lakin o ölüm qarşısındadır. Montesinos Don Kixot üzərində qələbəni bayram edir. Lakin Dulsineyanın yenidən görünməsi Don Kixotu həyata qaytarır. Dulsineya ona qılınc təqdim edərək mübarizəni davam etdirməyi xahiş edir.

     Nə qədər ki, dünyada Don Kixotlar mübarizə edir, Dulsineyalar əbədi yaşayacaqlar!

Dirijor: Cavanşir Cəfərov, Xalq artisti

Quruluşçu baletmeyster: Nailə Nəzirova

Quruluşçu rəssamlar:

  • Toğrul Nərimanbəyov, Xalq rəssamı
  • Ənvər Almaszadə, Əməkdar rəssam

İştirak edirlər:

  • Leyli: Dinara Məmmədova
  • Məcnun: İntiqam Məmmədov
  • İbn Salam: Seymur Qədiyev

Qara Qarayevin "Don Kixot" baleti

Dirijor: Cavanşir Cəfərov, Xalq artisti

Quruluşçu baletmeyster: Georgi Kovtun (Ukrayna) ,Georgi Aleeksidze

Quruluşçu rəssamlar:

  • Tahir Tahirov, Xalq rəssamı
  • Ağarəhim Rəhimov, Əməkdar incəsənət xadimi

İştirak edirlər:

  • Don Kixot: Makar Ferştandt, Əməkdar artist
  • Dulsineya: Nigar İbrahimova, Əməkdar artist
  • Montesinos: Timur Oduşev

Yaş məhdudiyyəti / Dil

6+
“Leyli və Məcnun” “Don Kixot” “Leyli və Məcnun” “Don Kixot”